вторник, 19 ноября 2019 г.

Gülağa Tənhanın həyatının sirli məqamları Editor.az-da
Editor.az ənənəvi “Kim kimdir” rubrikasını davam etdirir və bu dəfə ABŞ-ın “Forbes” jurnalı tərəfindən dünyanın zənginləri sırasında yer alan həmyerlilərimizdən və onların keçdiyi həyat yolundan bəhs ediləcək.
Haqqında bəhs edəcəyimiz növbəti “qəhrəman”ımız biznes fəaliyyəti ilə yanaşı adı ədəbi ictimaiyyətə yaxından tanış olan Gülağa Tənha (Qəmbərov) olacaq.
Gülağa Tənha kimdir?
Gülaga Məmi oglu Qəmbərov (Gülağa Tənha) 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. Uşaqlığı çətin və səfalət işində keçən Gülağa Tənha yolunu Rusiyadan salır. Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayır. Ali təhsil almaq istəyi onu rahat buraxmır və istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Gülağa Tənha sonralar öz xatirələrində yazır ki, Moskvada keçirdiyi ilk illər onun üçün ciddi sınaq olur və o, əldə etdiyi geniş təcrübəyə görə, öz keçmişinə minətdardır.
Fəhləlikdə rəisliyə gedən uzun çəkmir…
Daha sonra o, SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alır. Bu sahədə əldə etdiyi təcrübə onun gələcək inkişafı istiqamətində bir stimul olur. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akadimiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır.
Öz adına fond yaradan sahibkar…
“Gülaga Qəmbərov Fondu”nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
“Şahmat tacını Bakıya gətirmək ən böyük arzumdur”
Respublikaməzda idmanın inkişafına qayğı göstərən Gülaga Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir. Bunun üçün o, Türkan və Zeynəb Məmmədyarova bacılarına öz köməyini əsirgəmir. Gimnastikanın, badmintonun da inkişafına maraq göstərən Gülaga Qəmbərovözü qayıq idmanını xoşlayır. Əgər respublikamızda idmanın bu sahəsinə maraq artarsa, təmənnasız olaraq daha bir neçə yelkənli qayıq göndərməyə hazırdır.
Təkcə Azərbaycanda deyil, Rusiyada da xeyriyyəçiliklə məşğuldur…
Gülaga Qəmbərov Moskvadakı “Nadejda i pomoş” Xeyriyyə Fondunun da təsisçilərindən biridir. Fondun digər təsisçiləri şimal-şərq dairəsi prefekti, Moskva şəhər dumasının sədri Vladimir Mixayloviç Plotoniv və dumanın maliyyə büdcə komissiyasının sədrı İqor Yevgenyeviç Antonovdur.
Şair Gülağa Tənha
Gülağa Tənha həm də ədəbi fəaliyyətlə məşğuldur və indiyə qədər onlarla şeri dərc olunub. Onun ədəbi tədbirlərdə yaxından iştirakı, bədii qiraətçilik qabiliyyətinin olması da söylənilənlər arasındadır.
Xatırladaq ki, o, Rusiyada uzun müddətdir ki, biznes fəaliyyəti ilə məşğuldur və bir neçə iri obyekti var. Onun əsasən tikinti və restoran biznesi məşğul olduğu deyilir. Bakının girəcəyində də əzəmətli evlər inşa etdirən G.Tənhanın sərvəti haqqında konkret məlumat olmasa da, onun yüzmilyonçu olduğu söylənilir.
Azər Niftiyev, Editor.az

вторник, 29 октября 2019 г.

Gülağa Tənha " PAYIZ YAĞIŞI "

Bu payız yağışı durmadan yağır,
Ötən illərimi andırmaq üçün.
Sevdalı günləri yadıma salır,
Qəlbimi yenidən yandırmaq üçün.
Bir dünya sevgimiz yeləmi döndü,
Bizi ayrı salan vaxta nə deyim.
Eşqin gur ocağı qaralıb söndü,
Taleyə nə deyim, baxta nə deyim?
Alın yazımızı Tanrıdı yazan,
Dünya bir kimsəni vecinə almır.
Həsrətə dözməyi kim sanır asan,
Ha yalvar, ürəkdə təpər də qalmır.
Bu payız yağışı yağır ömrümə,
Bir də o günlərə qayıtmarıq biz.
Bir sevgi həsrəti yağır qəlbimə,
Hicran ağrısını unutmarıq biz.


Bakı, Yasamal, avqust,1994

суббота, 19 октября 2019 г.

Gülağa Tənha " Can, Vətən ! "

Dizimin taqəti, gözümün nuru,
Sevgimin əzəli odu – Vətəndi!
Tanrı ruzisidi, bərəkətimdi,
Tamımdı, ağzımın dadı Vətəndi!
Vətəndi ömrümə yazılan anlar,
İlimin, ayımın adı – Vətəndi!
Vətən,
tamahının qulu olanlar
Sənin dar günündə,
ağır günündə
Yel əsən tərəfə əsib getdilər,
İlimdən ayımı kəsib getdilər.
Haqq deyən dilimə düyün vurdular,
Coşan harayımı kəsib getdilər.
Getdilər, Bakıdan Qarabağacan
Yollara, izlərə dərd ələdilər.
Səngərdən o yana boylanmadılar,
Xalqın inamını güllələdilər.
Heysiyyət kürkünü günün birində
Nimdaş paltar kimi atıb gəldilər.
Laçında, Ağdamda halal sevgidən
Xəyanət ocağı çatıb gəldilər…
Şuşa Qarabağın həmayiliydi,
Getdilər, Şuşanı satıb gəldilər…
Onların odundan köz götürənlər
Yaman qısqanırlar mənim sevgimə,
Qənim kəsiliblər qənim, sevgimə.
Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim.
Qoymurlar mən səni sən kimi sevim!
Vətən, Vətən…
Can, Vətən…

Gülağa Tənha Bakı, 06.05.2004



среда, 9 октября 2019 г.

Gülağa Tənha "QALDIN"

Getdin, uzaqlaşdın, yox oldun tamam,
Ömrümdə-günümdə xatirə qaldın.
Sən üzüdönükdən qəlbim sınsa da,
Dəymədim sevgimin xətrinə, qaldın.

Düzlərdən çəkilib, dağdan itmişik,
Ormandan, çəməndən, bağdan getmişik.
Hərəmiz bir cürə tərslik etmişik,
Sən çoküb güllərin ətrinə, qaldın.

Səni çox sevirdim, gülüm, özündən,
Nələr itirmədim sənin üzündən?!
Sən məndən ayrıldın, mən yer üzündən,
Hopdun nəğmələrin sətrinə, qaldın.

Sentyabr, 2007

вторник, 1 октября 2019 г.

Gülağa Tənha: Dövlətimizin iqtisadi qüdrətinin artması müstəqilliyimizin etibarlı təminatıdır


Gülağa QƏNBƏROV,
xaricdə yaşayan iş adamı, şair-publisist

Son yüzillik milli ideologiyanın formalaşması, ötən əsrin əvvəllərində çoxəsrlik dövlətçilik ənənəsinin dirçəldilməsi və müstəqilliyin qazanılması, əsrin sonunda isə yenidən bərpası ilə əlamətdar olmuşdur. Gələn il xalqımız Şərqdə ilk demokratik dövlət quruluşu olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının yüzilliyini böyük öyünclə, tariximizin misilsiz hadisəsi kimi qeyd edəcək. Ötən il isə dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ümumxalq təntənəsinə çevrildi.

Bütün bunlar yeni dünya nizamında Azərbaycan xalqının öz milli dövləti ilə təmsil olunmasını təmin etmiş, dünyada yaşayan 50 milyonluq soydaşlarımızın həmrəyliyinin güclənməsinə imkan yaratmışdır. Ümummilli lider Heydər Əliyevin həmişə ucadan söylədiyi, Prezident İlham Əliyevin çıxış və nitqlərində dövlətimizin baş şüarına dönmüş “Müstəqilliyimiz qürur mənbəyimizdir” kəlamı ötən 25 ildə dünyanın hər yerində həmvətənlərimizin də dillərinin əzbəri olmuşdur. Lakin ulu öndərin dediyi kimi, dövlət müstəqilliyini qazanmaqla iş bitmir, əsas məsələ onu qoruyub möhkəmləndirməkdən, dönməz prosesə çevirməkdən ibarətdir. Bu tarixi vəzifənin uğurla gerçəkləşdirilməsi təkcə Azərbaycan Respublikasının vətəndaşlarının deyil, bütövlükdə, dünya azərbaycanlılarının  müqəddəs işidir. Ona görə də ümummilli liderimiz  dünyanın harasında olurdusa, orada yaşayan soydaşlarımızı bir yerə toplayır, qardaş-bacılarımızı Vətənlə sıx əlaqə saxlamağa, onları Azərbaycan həqiqətlərinin keşiyində dayanmağa çağırırdı.
 Ulu öndər Heydər Əliyev xaricdə fəaliyyət göstərən imkanlı həmvətənlərimizi, iş adamlarını Azərbaycana dəvət edir, problemlərimizin həllində onların fəal iştirakına əlverişli şərait yaradırdı. Bu baxımdan böyük rəhbərin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-da müstəqil dövlətimizin paytaxtında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı tarixi hadisə oldu. Böyük rəhbər Vətənin qapılarını xaricdə yaşayan soydaşlarımızın üzünə taybatay açdı.
Bu böyük missiyanı uğurla davam etdirən ulu öndərin ən sadiq davamçısı Prezident İlham Əliyevin himayəsi ilə keçirilən sonrakı qurultayların səfərbəredici qərarları ilə dünya azərbaycanlıları öz dövlətinin qayğılarına daha fəal çiyin verdilər, ölkəmizin inkişafı ilə bağlı layihələrdə daha yaxından   iştirak etməyə başladılar. Mən də bu prosesə ilk qoşulanlardan biri kimi Vətənlə bağlı bir sıra arzu-istəklərimi gerçəkləşdirə bildiyimə görə özümü xoşbəxt, həm də getdikcə xalqıma daha çox borclu hesab edirəm.
Ulu öndərin ötən əsrin 70-80-ci illərində azərbaycanlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına yaratdığı üstün imkanlardan yararlanıb, Rusiyada tikinti mühəndisi ixtisasına yiyələnmişəm. Xalqımızı böyük dünya siyasətində müstəsna bir zəka və enerji ilə təmsil etmiş Heydər Əliyev Moskvada sovet dövlətinin ali rəhbərlərindən biri olduğu illərdə onun adının çevrəsində gənc yaşlarımda nüfuzlu ittifaq nazirliklərindən birinin idarə rəisi mövqeyinə yüksəlməyimi həmişə böyük qədirbilənliklə, xoş duyğularla xatırlayıram.
O da yadımdadır ki, biz respublikadan kənarda yaşayanlar  düşmən qüvvələr dahi rəhbərimizi  hiylə və xəyanətlərlə böyük siyasətdən uzaqlaşdırandan sonra nə boyda bir arxa- himayə itirdiyimizi dərhal hiss etməyə başladıq. Dağlıq Qarabağ münaqişəsi başlandıqda SSRİ adlı saxta “qardaşlıq ailəsi”nin rəhbərliyində xalqımıza ögey münasibət dərinləşəndə sevimli rəhbərimiz Heydər Əliyevin yeri, rolu daha aydın görünməyə başladı. Hadisələr böyüyüb 20 Yanvarda xalqımıza silahlı qəsdlə nəticələnəndə qəlbimizdə və yaddaşımızda ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin yumruqlarını düyünləyərək etirazını Moskvadan bütün dünyaya çatdırması, əslində,  müstəqillik hərəkatı zənginin çalınması oldu.
O gündən vətəndən xaricdə yaşayanlar da xalqımızla birlikdə anladılar ki, nicatımız dövlət müstəqilliyimizə nail olmağımızdadır. Buna görə də sovet rəhbərliyinin o qanlı cinayətindən sonra hədsiz maneələrə baxmayaraq, mümkün olan bütün üsullarla ərazilərimizin qorunmasına, suverenliyimizin qazanılmasına öz köməyimizi göstərməyə başladıq. Şükürlər olsun ki, mübarizə çox keçmədi ki, xalqımızı tarixi arzusuna qovuşdurdu, müstəqil Azərbaycanın adı dünya dövlətləri sırasına yazıldı.
 Müstəqilliyin ilk addımında naşı, xəyanətkar siyasi qüvvələr tarixi nailiyyətimizi təhlükə altında qoyanda xalq  müstəqilliyimizi qoruyub saxlamaq missiyasını öz  ümummilli liderinin çiyninə qoydu. Ulu öndərin gerçəkləşdirdiyi zəruri tədbirlər ölkəmizi sabitlik, inkişaf yoluna çıxartdı, xalqımızı dinc həyata, böyük quruculuğa qovuşdurdu. Bax belə bir vaxtda millət atasının xaricdə yaşayan imkanlı soydaşlarımızı Vətənin dərdlərinə əlac edilməsi işinə dəvət etməsi məni də ürəkdən sevindirdi, əvvəl gördüyüm işlərin çevrəsini genişləndirməyimə geniş meydan açdı.
Bölgədə doğulmuş bir azərbaycanlı kimi, şəhər və kəndlərimizdə də paytaxtın üstün abadlığının, rahatlığının olmasını həmişə ürəkdən arzu eləmişəm. Həm də düşünmüşəm ki, bu ağır işi rayonlarımızın potensialını hərəkətə gətirməklə etmək mümkündür. Tale bu istəyimin də gerçəkləşməsini görməyi mənə nəsib etdi. Ulu öndərin  liderlik missiyasını qəbul edən Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” və “Bölgələri də paytaxt kimi inkişaf etdirməyə çalışacağam” məramı, bununla da regional inkişaf proqramlarına rəvac verməsi məni də çoxdankı arzularımın  gerçəkləşdirilməsinə həvəsləndirdi.
Doğulduğum Masallı rayonunda və paytaxtın qəsəbələrində başlanan geniş abadlıq-quruculuq işlərinə əsl vətəndaşlıq duyğuları ilə qoşuldum. Kənd yollarının çəkilişində, ictimai yerlərin abadlaşdırılmasında, məktəb və bağçaların təmirində, yenilərinin tikilməsində fəal iştirak etdim. Heydər Əliyev Fondunun həyata geçirdiyi humanitar quruculuq prosesi  fəaliyyətimi daha da genişləndirməyə əlverişli şərait yaratdı. Xalqımızın öyüncü olan, müstəqilliyimizin qazanılmasında öncüllük etmiş ziyalılarımıza qayğı məsələsi də mənə böyük qəlb rahatlığı gətirdi.
Bəxtiyar Vahabzadə, Qabil, Anar, Fikrət Qoca, Nəriman Həsənzadə, Əlibala Hacızadə kimi istiqlal yazarlarımızla, Budaq Budaqov, Bəkir Nəbiyev, Akif Əlizadə kimi dünyada tanınan alimlərimizlə, Şəfiqə Axundova, Ramiz Mirişli, Səyavuş Kərimli, Eldar Mansurov kimi musiqiçilərimizlə sıx təmasda olmaq, ağrı-acılarımızı azaltmaq, çatışmazlıqları aradan qaldırmaq yollarını birgə axtarmaq, bu nurlu insanların arzu-istəklərinə qulaq asmaq bir sıra gərəkli layihələrə çağırış oldu. Əməlpərvər memarımız Rasim Əliyevlə dostluq əlaqəmiz həmişə məni xeyriyyəçiliyi davam etdirməyə, yurduma yeni töhfələr verməyə ruhlandırb.
Sağlığında klassikləşmiş şair və yazıçılarımızın silsilə kitabları nəşr olundu. Dövlət başçısının ölkədə idmanın inkişafına, istedadlı uşaq və gəncləri himayə etməsinə uyğun olaraq, müsabiqələr, həvəsləndirici aksiyalar keçirdik.
Bu günlərdə Bakıda olarkən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin illik iclasını, regional inkişafla bağlı illik konfransı diqqətlə izlədim. Cəbrayılın işğaldan azad olunmuş yeganə kəndi Cocuq Mərcanlının  bərpası bərədə dövlət başçısının sərəncamının doğurduğu Qarabağa Böyük qayıdış sevincini xalqımızla birgə yaşadım. Xüsusən, regional inkişaf proqramlarının həyata keçirilməsində qazanılmış möhtəşəm uğurlar məni ürəkdən sevindirdi, bu sahədə yeni layihələrə başlamağa həvəsləndirdi.
Cənab İlham Əliyevin dünyada qlobal böhranın davam etdiyi şəraitdə Azərbaycanda inkişafın təmin edilməsi ilə bağlı səsləndirdiyi fakt və rəqəmlər qəlbimi dağa döndərdi. İnkişaf edən ölkələr sırasında Azərbaycanın liderlik mövqeyinə yüksəlməsi, dövlətlərin rəqabətqabiliyyətlik yarışında respublikamızın ötən il daha 3 pillə irəliləyərək 37-ci yerə çıxması müstəqilliyimizin mötəbər təminatı olan iqtisadi qüdrətimizin ildən-ilə artmasının sevindirici göstəricisidir.
Məhz bunun nəticəsidir ki, xalqımızın bir sıra tarixi problemləri müstəqillik illərində həllini tapmış, ümumi rifah yüksəlmiş, kasıblıq kimi ağır bəla arxada qalmışdır. Enerji təhlükəsizliyi təmin olunmuş, ərzaq təhlükəsizliyi, işsizliyin ləğvi ilə bağlı əsaslı tədbirlər görülmüşdür. Paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, şəhər və kəndlərimizin köhnə mənzərəsi tamamilə dəyişmişdir. Düşmənlərimizə gücümüzü göstərən hərbi potensialımız da lazımi həddə çatdırılmışdır. Ötən ilin aprelində cəbhədə düşmən təxribatını cavablandırarkən ordumuzun göstərdiyi rəşadət həm də iqtisadi tərəqqimizin üzərində mümkün olmuşdur.
Regional inkişafda yeni səviyyəyə çıxmaq üçün Prezident İlham Əliyev aqrar sahəni yüksək səviyyəyə qaldırmaqla bağlı qarşıya ciddi vəzifələr qoymuşdur. Sahibkarlığı daha da inkişaf etdirmək, emal müəssisələri yaratmaqla bağlı yeni üfüqlər açılır. Xaricdə yaşayan iş adamlarımız bu prosesdə də öz sözlərini deyə bilərlər. Dövlətimizin özəl bölməni dirçəltmək üçün son illərdə ayırdığı 2 milyard manatlıq kreditə əlavə olaraq, soydaşlarımızın öz ölkəsinə yatırımları artırmasına da bu gün daha böyük etiyac var.
Sonda demokratik şəraitdə ölkəmizdə azad mətbuatın inkişafı ilə bağlı əldə olunmuş uğurları da yada salmaq istəyirəm. Son illərdə müstəqil mətbuatın mövqeyinin möhkəmlənməsi söz azadlığının təmin olunmasında təsirli rol oynayır. Bütün bunlar xaricdə yaşayan azərbaycanlıların vətəndə baş verən hadisələri doğru-düzgün izləməsinə də imkan verir. Lakin bəzi səbatsız və səriştəsiz media qurumlarının söz azadlığı pərdəsi arxasında ölkmizin uğurlarını gözdən salmağa çalışması, şər, böhtan xarakterli yazılarla namuslu soydaşlarımızı hədəfə alması xaricdə yaşayan azərbaycanlılarda da ciddi narazılıq yaradır.
Belə bədnam yazarların ölkəmizə qarşı  beynəlxalq qalmaqallara dəstək verən çıxışlarını isə qəzəb və nifrətlə qarşılamamaq olmur. Ölkə ictimaiyyəti, eləcə də xaricdə yaşayan həmvətənlərimiz bu çirkin informasiya oyununda ayıq-sayıq olmalı, həqiqətin tərəfini saxlamaqla belələrinin sıradan çıxmasına kömək etməlidirlər.
Sonda ilk ayını yola saldığımız yeni ildə ölkəmizin iqtisadi qüdrətini artıracaq, müstəqilliyimizin dayaqlarını daha da möhkəmləndirəcək hədəflərinə çatmaqda xalqımıza güc-qüvvət, yaradıcılıq həvəsi və daha böyük uğurlar arzulayıram. Bu yolda xaricdə yaşayan iş adamlarımız da daim xalqımızla bir yerdə olacaq.


Xalq qəzeti.-2017.-5 fevral.-№26.-S.5.


суббота, 28 сентября 2019 г.

Gülağa Tənha " Daş yağar "


Vay o günə, xeyirxahlıq suç ola,
Xalqa bağlı arzu-istək puç ola,
Ləyaqətsiz pillə-pillə ucala,
Daş ələnər, göydən yerə daş yağar.

Qamçısız da at oynadır dolu cib,
Yollar yorur yamac aşıb, dağ keçib,
Nəcibləri sındırırsa nanəcib,
Daş ələnər, göydən yerə daş yağar.

Vay o günə, kar olalar hayına,
Kar olanlar haram qata payına…
Mərd bezikib mərdliyindən yayına,
Daş ələnər, göydən yerə daş yağar.

Od-ocağım közdən ayrı düşərsə,
Canım çiçək düzdən ayrı düşərsə,
Bir gün Tənha sözdən ayrı düşərsə,
Daş ələnər, göydən yerə daş yağar!

Bakı, 5.07.2009




#Gülağa #Tənha #Gulaga #Tenha 

суббота, 24 августа 2019 г.

Gülaga Məmi oğlu Qəmbərov 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbsində anadan olub.
Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq üzrə fəlsəfə doktorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülaga Qəmbərov Fondu”nun prezidentidir.
Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Respublikamızda idmanın inkişafına qayğı göstərən Gülaga Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir. Bunun üçün o, Türkan və Zeynəb Məmmədyarova bacılarına öz köməyini əsirgəmir.
Gimnastikanın, badmintonun da inkişafına maraq göstərən Gülaga Qəmbərovözü qayıq idmanını xoşlayır. Əgər respublikamızda idmanın bu sahəsinə maraq artarsa, təmənnasız olaraq daha bir neçə yelkənli qayıq göndərməyə hazırdır.
Gülaga Qəmbərov Moskvadakı “Nadejda i pomoş” Xeyriyyə Fondunun da təsisçilərindən biridir. Fondun digər təsisçiləri şimal-şərq dairəsi prefekti, Moskva şəhər dumasının sədri Vladimir Mixayloviç Plotoniv və dumanın maliyyə büdcə komissiyasının sədrı İqor Yevgenyeviç Antonovdur.

ÖMRÜN MƏHƏBBƏT FƏSLİ

Ömrün hər bir günü mənə əzizdi,
Taleyin verdiyi hədiyyə kimi.
Ən ülvi varlıqtək safdı, təmizdi,
Ömrün sevgi fəsli, məhəbbət fəsli.
O hansı fəsildi şaxtası da var,
İsti günlərisə yandırar, yaxar?
O hansı fəsildi günəşli gündə
Birdən səmasında ildırım çaxar?
Həzin xatirədi, ən xoş məqamdı,
Ömrümə dayaqdı sevdalı günlər.
Bəzən zərif gülüş, bəzən fəğandı,
O sevgi, məhəbbət nidalı günlər.
İllər ötüşsə də düşür yadıma
Gənclik təravəti, sevgi dəmləri.
Ürək yenə yanır sənin oduna,
Ələnir başıma eşqin qəmləri.
Bilirəm, neyləsəm geriyə dönməz,
Aranı duman-çən, ayrılıq kəsdi.
Çağırsam səsimə o, hay da verməz,
Qayıtmaz ömrümün məhəbbət fəsli…

Gülağa Tənha 
Afina, 15.08.2004



«HANI QARABAĞ, HANI?»  Gülağa Tənha 


Göy üzünə çəkilən qara bulud deyir ki,
Dilinə düyün düşən dilsiz sükut deyir ki,
Qolunu qandal kəsən neçə ümid deyir ki:
«Hanı Qarabağ, hanı?»
Yağı tapdağı altda qalan torpaq ağrıyır,
Külü göyə sovrulan sönmüş ocaq ağrıyır,
Qaysaqlamaz yarada qanlı bıçaq ağrıyır:
«Hanı Qarabağ, hanı?»
Nə vaxtdı su əvəzi qəhər içənlər deyir,
Yurd-yuva həsrətiylə ömrü keçənlər deyir,
Dərdin əlindən tutub tale biçənlər deyir:
«Hanı Qarabağ, hanı?»
Uluların narahat röyası haray çəkir,
Xan qızı Natəvanın naləsi haray çəkir,
Nə müddətdi Nəvvabın nəvası haray çəkir:
«Hanı Qarabağ, hanı?»
Bət-bənizi saralan qönçəsiz gül soruşur,
Sarı simi yandıran «Süsən-sünbül» soruşur,
Sinəsinə xal düşən Xarı bülbül soruşur:
«Hanı Qarabağ, hanı?»
Yollar boyu quruyan qara daş da soruşur,
Ömrə ağır yük olan il də, yaş da soruşur,
Anaların üzündə yanan yaş da soruşur:
«Hanı Qarabağ, hanı?,
Hanı Qarabağ, hanı?»…

20 yanvar, 2002
xeyriyyəçi şair Gülağa Tənha

Dizimin taqəti, gözümün nuru,
Sevgimin əzəli odu – Vətəndi!
Tanrı ruzisidi, bərəkətimdi,
Tamımdı, ağzımın dadı Vətəndi!
Vətəndi ömrümə yazılan anlar,
İlimin, ayımın adı – Vətəndi!
Vətən,
tamahının qulu olanlar
Sənin dar günündə,
ağır günündə
Yel əsən tərəfə əsib getdilər,
İlimdən ayımı kəsib getdilər.
Haqq deyən dilimə düyün vurdular,
Coşan harayımı kəsib getdilər.
Getdilər, Bakıdan Qarabağacan
Yollara, izlərə dərd ələdilər.
Səngərdən o yana boylanmadılar,
Xalqın inamını güllələdilər.
Heysiyyət kürkünü günün birində
Nimdaş paltar kimi atıb gəldilər.
Laçında, Ağdamda halal sevgidən
Xəyanət ocağı çatıb gəldilər…
Şuşa Qarabağın həmayiliydi,
Getdilər, Şuşanı satıb gəldilər…
Onların odundan köz götürənlər
Yaman qısqanırlar mənim sevgimə,
Qənim kəsiliblər qənim, sevgimə.
Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim.
Qoymurlar mən səni sən kimi sevim!
Vətən, biçarə Vətən…
Vətən, biçarə Vətən…

Bakı, 06.05.2004