суббота, 24 августа 2019 г.

ÖMRÜN MƏHƏBBƏT FƏSLİ

Ömrün hər bir günü mənə əzizdi,
Taleyin verdiyi hədiyyə kimi.
Ən ülvi varlıqtək safdı, təmizdi,
Ömrün sevgi fəsli, məhəbbət fəsli.
O hansı fəsildi şaxtası da var,
İsti günlərisə yandırar, yaxar?
O hansı fəsildi günəşli gündə
Birdən səmasında ildırım çaxar?
Həzin xatirədi, ən xoş məqamdı,
Ömrümə dayaqdı sevdalı günlər.
Bəzən zərif gülüş, bəzən fəğandı,
O sevgi, məhəbbət nidalı günlər.
İllər ötüşsə də düşür yadıma
Gənclik təravəti, sevgi dəmləri.
Ürək yenə yanır sənin oduna,
Ələnir başıma eşqin qəmləri.
Bilirəm, neyləsəm geriyə dönməz,
Aranı duman-çən, ayrılıq kəsdi.
Çağırsam səsimə o, hay da verməz,
Qayıtmaz ömrümün məhəbbət fəsli…

Gülağa Tənha 
Afina, 15.08.2004