суббота, 28 сентября 2019 г.

Gülağa Tənha " Daş yağar "


Vay o günə, xeyirxahlıq suç ola,
Xalqa bağlı arzu-istək puç ola,
Ləyaqətsiz pillə-pillə ucala,
Daş ələnər, göydən yerə daş yağar.

Qamçısız da at oynadır dolu cib,
Yollar yorur yamac aşıb, dağ keçib,
Nəcibləri sındırırsa nanəcib,
Daş ələnər, göydən yerə daş yağar.

Vay o günə, kar olalar hayına,
Kar olanlar haram qata payına…
Mərd bezikib mərdliyindən yayına,
Daş ələnər, göydən yerə daş yağar.

Od-ocağım közdən ayrı düşərsə,
Canım çiçək düzdən ayrı düşərsə,
Bir gün Tənha sözdən ayrı düşərsə,
Daş ələnər, göydən yerə daş yağar!

Bakı, 5.07.2009




#Gülağa #Tənha #Gulaga #Tenha