суббота, 24 августа 2019 г.

Gülaga Məmi oğlu Qəmbərov 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbsində anadan olub.
Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq üzrə fəlsəfə doktorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülaga Qəmbərov Fondu”nun prezidentidir.
Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Respublikamızda idmanın inkişafına qayğı göstərən Gülaga Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir. Bunun üçün o, Türkan və Zeynəb Məmmədyarova bacılarına öz köməyini əsirgəmir.
Gimnastikanın, badmintonun da inkişafına maraq göstərən Gülaga Qəmbərovözü qayıq idmanını xoşlayır. Əgər respublikamızda idmanın bu sahəsinə maraq artarsa, təmənnasız olaraq daha bir neçə yelkənli qayıq göndərməyə hazırdır.
Gülaga Qəmbərov Moskvadakı “Nadejda i pomoş” Xeyriyyə Fondunun da təsisçilərindən biridir. Fondun digər təsisçiləri şimal-şərq dairəsi prefekti, Moskva şəhər dumasının sədri Vladimir Mixayloviç Plotoniv və dumanın maliyyə büdcə komissiyasının sədrı İqor Yevgenyeviç Antonovdur.

ÖMRÜN MƏHƏBBƏT FƏSLİ

Ömrün hər bir günü mənə əzizdi,
Taleyin verdiyi hədiyyə kimi.
Ən ülvi varlıqtək safdı, təmizdi,
Ömrün sevgi fəsli, məhəbbət fəsli.
O hansı fəsildi şaxtası da var,
İsti günlərisə yandırar, yaxar?
O hansı fəsildi günəşli gündə
Birdən səmasında ildırım çaxar?
Həzin xatirədi, ən xoş məqamdı,
Ömrümə dayaqdı sevdalı günlər.
Bəzən zərif gülüş, bəzən fəğandı,
O sevgi, məhəbbət nidalı günlər.
İllər ötüşsə də düşür yadıma
Gənclik təravəti, sevgi dəmləri.
Ürək yenə yanır sənin oduna,
Ələnir başıma eşqin qəmləri.
Bilirəm, neyləsəm geriyə dönməz,
Aranı duman-çən, ayrılıq kəsdi.
Çağırsam səsimə o, hay da verməz,
Qayıtmaz ömrümün məhəbbət fəsli…

Gülağa Tənha 
Afina, 15.08.2004



«HANI QARABAĞ, HANI?»  Gülağa Tənha 


Göy üzünə çəkilən qara bulud deyir ki,
Dilinə düyün düşən dilsiz sükut deyir ki,
Qolunu qandal kəsən neçə ümid deyir ki:
«Hanı Qarabağ, hanı?»
Yağı tapdağı altda qalan torpaq ağrıyır,
Külü göyə sovrulan sönmüş ocaq ağrıyır,
Qaysaqlamaz yarada qanlı bıçaq ağrıyır:
«Hanı Qarabağ, hanı?»
Nə vaxtdı su əvəzi qəhər içənlər deyir,
Yurd-yuva həsrətiylə ömrü keçənlər deyir,
Dərdin əlindən tutub tale biçənlər deyir:
«Hanı Qarabağ, hanı?»
Uluların narahat röyası haray çəkir,
Xan qızı Natəvanın naləsi haray çəkir,
Nə müddətdi Nəvvabın nəvası haray çəkir:
«Hanı Qarabağ, hanı?»
Bət-bənizi saralan qönçəsiz gül soruşur,
Sarı simi yandıran «Süsən-sünbül» soruşur,
Sinəsinə xal düşən Xarı bülbül soruşur:
«Hanı Qarabağ, hanı?»
Yollar boyu quruyan qara daş da soruşur,
Ömrə ağır yük olan il də, yaş da soruşur,
Anaların üzündə yanan yaş da soruşur:
«Hanı Qarabağ, hanı?,
Hanı Qarabağ, hanı?»…

20 yanvar, 2002
xeyriyyəçi şair Gülağa Tənha

Dizimin taqəti, gözümün nuru,
Sevgimin əzəli odu – Vətəndi!
Tanrı ruzisidi, bərəkətimdi,
Tamımdı, ağzımın dadı Vətəndi!
Vətəndi ömrümə yazılan anlar,
İlimin, ayımın adı – Vətəndi!
Vətən,
tamahının qulu olanlar
Sənin dar günündə,
ağır günündə
Yel əsən tərəfə əsib getdilər,
İlimdən ayımı kəsib getdilər.
Haqq deyən dilimə düyün vurdular,
Coşan harayımı kəsib getdilər.
Getdilər, Bakıdan Qarabağacan
Yollara, izlərə dərd ələdilər.
Səngərdən o yana boylanmadılar,
Xalqın inamını güllələdilər.
Heysiyyət kürkünü günün birində
Nimdaş paltar kimi atıb gəldilər.
Laçında, Ağdamda halal sevgidən
Xəyanət ocağı çatıb gəldilər…
Şuşa Qarabağın həmayiliydi,
Getdilər, Şuşanı satıb gəldilər…
Onların odundan köz götürənlər
Yaman qısqanırlar mənim sevgimə,
Qənim kəsiliblər qənim, sevgimə.
Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim.
Qoymurlar mən səni sən kimi sevim!
Vətən, biçarə Vətən…
Vətən, biçarə Vətən…

Bakı, 06.05.2004