суббота, 24 августа 2019 г.

«HANI QARABAĞ, HANI?»  Gülağa Tənha 


Göy üzünə çəkilən qara bulud deyir ki,
Dilinə düyün düşən dilsiz sükut deyir ki,
Qolunu qandal kəsən neçə ümid deyir ki:
«Hanı Qarabağ, hanı?»
Yağı tapdağı altda qalan torpaq ağrıyır,
Külü göyə sovrulan sönmüş ocaq ağrıyır,
Qaysaqlamaz yarada qanlı bıçaq ağrıyır:
«Hanı Qarabağ, hanı?»
Nə vaxtdı su əvəzi qəhər içənlər deyir,
Yurd-yuva həsrətiylə ömrü keçənlər deyir,
Dərdin əlindən tutub tale biçənlər deyir:
«Hanı Qarabağ, hanı?»
Uluların narahat röyası haray çəkir,
Xan qızı Natəvanın naləsi haray çəkir,
Nə müddətdi Nəvvabın nəvası haray çəkir:
«Hanı Qarabağ, hanı?»
Bət-bənizi saralan qönçəsiz gül soruşur,
Sarı simi yandıran «Süsən-sünbül» soruşur,
Sinəsinə xal düşən Xarı bülbül soruşur:
«Hanı Qarabağ, hanı?»
Yollar boyu quruyan qara daş da soruşur,
Ömrə ağır yük olan il də, yaş da soruşur,
Anaların üzündə yanan yaş da soruşur:
«Hanı Qarabağ, hanı?,
Hanı Qarabağ, hanı?»…

20 yanvar, 2002